Tramp administrasiyası işçi vizalar verilməsini bu ilin sonuna qədər dayandırıb
Vaşinqton, 23 iyun, AZƏRTAC
Prezident Donald Tramp Birləşmiş Ştatlara müvəqqəti işləməyə gələnlər üçün işçi vizalar verilməsinin müvəqqəti dayandırılması və yüz minlərlə əcnəbinin ABŞ-a gəlməsinin qadağan olunması barədə sərəncam imzalayıb.
AZƏRTAC ABŞ hökuməti nümayəndəsinin bəyanatına istinadla xəbər verir ki, bu tədbir koronavirus pandemiyası ilə əlaqədar ölkədə iqtisadi tənəzzül dövründə işçi viza ilə buraya gələnlərin sayının məhdudlaşdırılması üçün ABŞ administrasiyasının səylərinin tərkib hissəsidir.
Bu məhdudiyyətlər yüksəkixtisaslı işçilər üçün H1B viza proqramı çərçivəsində başqa ölkələrin Birləşmiş Ştatlara gələn vətəndaşlarına, habelə ixtisaslı işçilərlə bağlı vizaların digər kateqoriyalarına şamil edilir. Bir sıra böyük şirkətlər, o cümlədən Silikon Vadisi bölgəsindəki yüksək texnologiya şirkətləri bu sərəncama görə heyrətləndiklərini bildiriblər, çünki bu onların funksionallığına ciddi ziyan vurur, axı onlar xaricdən gələn daha ucuz və ixtisaslı işçi qüvvə cəlb etmək ümidindədirlər.
İmmiqrasiyanın məhdudlaşdırılmasına dair bu layihənin arxitektoru Stiven Miller illər boyu işçi vizaların ləğv olunmasında israr edərək, bildirirdi ki, belə vizalar amerikalıların işədüzəlmə perspektivlərinə ziyan vurur. Miller son aylarda bildirirdi ki, virusla əlaqədar iqtisadi çətinliklər Birləşmiş Ştatlara işçi vizalar verilməsinə qadağa qoyulmasını daha da zəruri edib.
Prezident Trampın aprel ayında imzaladığı sərəncama əsasən, əcnəbilərə qrin-kart verilməsi 60 gün müddətinə dayandırılmışdı. İyunun 22-də imzalanmış sərəncama əsasən, bu qadağanın müddəti uzadılır, habelə işçi vizaların bir sıra kateqoriyalarının verilməsi dayandırılır. Administrasiya nümayəndələri bildiriblər ki, prezident gələcəkdə işçi vizalar verilməsi üçün yeni qaydalar müəyyən edilməsi barədə əlavə sərəncam imzalayacaq. Prezident təkid edir ki, ABŞ-da iş barədə təkliflər yalnız amerikalılarla az rəqabət aparan yüksəkixtisaslı və yüksəkməvacibli işçilərə göndərilsin.
Qanunda bəzi kateqoriyalara aid işçilər, o cümlədən virusa qarşı mübarizə və tədqiqatlar aparılması üçün zəruri olan tibb işçiləri barəsində müəyyən istisnalar nəzərdə tutulub.
AZƏRTAC-ın Vaşinqton bürosu