Tramp hələlik koronavirusa qarşı peyvənd olunmağı planlaşdırmır
Bakı, 14 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp hələlik COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırmadığını, lakin bunu uyğun vaxtda edəcəyini deyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün “Twitter” səhifəsində yazıb. “Ağ evdə çalışan insanlar xüsusi ehtiyac yaranmadığı təqdirdə proqram çərçivəsində vaksini bir qədər gec əldə edəcəklər. Belə düzəliş olunmasını xahiş etdim. Mən peyvənd olunmağı planlaşdırmıram, lakin bunu uyğun vaxtda edəcəyəm”, - deyə Donald Tramp bildirib.
Bir qədər əvvəl “Bloomberg” agentliyi Donald Trampın və ABŞ-ın digər yüksək vəzifəli rəsmi şəxslərinin yaxın günlərdə koronavirus əleyhinə vaksinasiya imkanı əldə edəcəkləri barədə məlumat yaymışdı. Agentliyin məlumatına görə, peyvənd hakimiyyətin hər üç qanadında ölkə üçün həyati fəaliyyətlə məşğul olan rəhbərlərə təklif olunacaq. Onlar artıq dekabrın 14-dən peyvənd oluna bilərlər.
Vaksinasiya çərçivəsində “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları və Birləşmiş Ştatlar ərazisində təcili tətbiqinə icazə verilən peyvənddən istifadə ediləcək.
ABŞ rəhbərliyinin sürətli vaksinasiyasına həm səhiyyə sahəsindəki mütəxəssislər, həm də milli təhlükəsizlik üzrə ekspertlər israr ediblər. Onların fikrincə, bu, əhalini peyvəndin təhlükəsizliyinə inandırmaq üçün vacibdir.
Dekabrın 14-də Birləşmiş Ştatlarda əhalinin COVID-19 əleyhinə kütləvi vaksinasiyası başlamalıdır. Hələlik yalnız “Pfizer” və “BioNTech” kompaniyalarının vaksininin istifadəsinə icazə verilib. Yaxın vaxtlarda “Moderna” kompaniyasının peyvəndi də müvafiq icazə ala bilər.
Təcili istifadəyə icazə preparatın bəzi sınaqların nəticəsini gözləmədən tətbiq olunmasını ehtiva edir.