TRT Haber kanalı Azərbaycanın dövlət müstəqilliyi barədə geniş reportaj yayımlayıb
Bakı, 24 oktyabr, АZƏRTAC
Türkiyənin aparıcı TRT Haber televiziya kanalı Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə geniş reportaj yayımlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu işləri və islahatlar, o cümlədən ölkədə keçirilən azad və ədalətli seçkilərin nəticələri, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işləri və böyük nailiyyətlərdən bəhs olunub. Bütün bu məqamlara dair maraqlı kadrlar əks olunub.
TRT-nin dünya xəbərləri bölməsinin rəhbəri, tanınmış tədqiqatçı telejurnalist Əhməd Bağçeci tərəfindən hazırlanan reportajda daha sonra İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil edilən mərasimdən fraqmentlər əks olunub.
İSTAD-ın sədri Səfər Karaqoyunlu və AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtı müsahibələrində dövlət müstəqilliyinin əldə olunması və inkişaf mərhələləri ilə bağlı proseslər barədə ətraflı məlumat veriblər.