CƏMİYYƏT
Tullantıdan sənətə - Abşeron Milli Parkında növbəti ekoloji tədbir VİDEO
Bakı, 10 noyabr, AZƏRTAC
“Ətraf mühitə qayğı” çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə təbiətə qayıdış və etnoinstalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir.
Gənc heykəltaraş, instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir.
Sərginin keçirilməsində məqsəd tullantılardan səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır.
İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.