“Tullantıları tinglərə dəyiş” aksiyası zamanı vətəndaşlar 749 işlənmiş batareya təhvil veriblər
Bakı, 6 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə “Bir ağac - min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı vətəndaşlar 749 ədəd işlənmiş batareya və ümumi tutumu 35 litr olan şüşə tullantı təhvil verərək əvəzində ağac tingləri əldə ediblər.
Qeyd edək ki, növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası martın 7-si saat 14:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 25 C ünvanında yerləşən “Araz” marketin qarşısında keçiriləcək.
Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmağa çağırır.
Vətəndaşlar əldə etdikləri tinglərin əkilməsi ilə bağlı çəkdikləri şəkilləri sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.