Turizm dəyərləri və şərabçılıq sənayesi
Bakı, 27 noyabr, AZƏRTAC
Fransanın şərabçılıq üzrə eksperti Jeannot Montaneti Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov bu ali təhsil ocağında gerçəkləşən tanışlıq görüşünün tezliklə faydalı əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Şamaxı rayonunda layihə çərçivəsində yaradılacaq yeni şərabçılıq kompleksinin turizmlə əlaqələndirilməsi səbəbini həm elmi, həm də təsərrüfat baxımından üstünlükləri diqqətə çatdırılıb. Eyni zamanda, yeni şərabçılıq kompleksi mexanizminin işlənib hazırlanması prosesi zamanı Fransa və İtaliyanın anoloji bölgələrinin müsbət təcrübəsinə istinad edildiyi xüsusi vurğulanıb.
ATİ rəhbərliyi ilə görüşməkdə məqsəd isə 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə çalışacaq kadrların hazırlıq səviyyəsini öyrənmək, eyni zamanda, turizm xidmətləri üzrə tədqiqatların aparılması, təlimlərin keçirilməsi, məsləhət saatlarının təşkili kimi vacib problemləri müzakirə etməkdən ibarət olduğu bildirilib.
C.Cəfərov diqqətə çatdırıb ki, təklif edilən layihə turizm sahəsinin çeşidləndirilməsi baxımından uğurludur. Məhz Şamaxı rayonunda daha bir sənaye sahəsinin - şərabçılıq kompleksinin yaradılması bölgənin sosial-iqtisadi baxımdan inkişafına təkan verə bilər. Azərbaycanda Şərab yolları beynəlxalq mədəni turizm marşrutu və Aleksandr Düma beynəlxalq mədəni turizm marşrutları mövcuddur. Yeni layihə qeyd edilən marşrutlarla əlaqələndirilərsə daha da təkmilləşər. ATİ ali təhsil müəssisəsi olaraq inkişaf strategiyasında təhsil-təlim-tədqiqat-təcrübə modelinə üstünlük verdiyi üçün layihənin hazırlanması və icrası zamanı təlim, təcrübə, tədqiqat və məsləhət saatlarının təşkili istiqamətində fəaliyyət göstərə bilər.
Sonda ATİ tərəfindən irəli sürülən təkliflərin müzakirə predmeti kimi gündəmə gətiriləcəyi qərara alınıb.