Turizm İnformasiya mərkəzlərinin elektron təbliğatı gücləndirilir
Bakı, 29 mart, AZƏRTAC
Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün
ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Nazirliyin dəstəyi ilə Turizm İnformasiya Mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Artıq üç mərkəzin www.guba.travel, www.sheki.travel , www.zagatala.travel internet saytları fəaliyyətdədir. Həmçinin, mərkəzlərin işində effektliyin artırılması məqsədilə “facebook” sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılıb və istifadəyə verilib.
Turizm İnformasiya Mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.