MƏDƏNİYYƏT
Turizm informasiya mərkəzlərinin elektron təbliğatı gündən-günə güclənir
Bakı, 16 aprel, AZƏRTAC
Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi tam gücü ilə fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
Mədəniyyət və turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Bu məqsədlə nazirliyin dəstəyi ilə turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Daha əvvəl üç mərkəzin www.guba.travel, www.sheki.travel saytı və www.zagatala.travel portalı istifadəyə verilib.
Bu gün daha dörd mərkəzin saytı www.baku.azerbaijan.travel, www.ganja.travel, www.lankaran.travel və www.shamakhi.travel portalı istifadəyə verilib. Portallarda, yerli turistlərin məlumatlandırılmaları üçün hər bir informasiya yer alıb. Yaxın vaxtlarda portalların ingilis və rus dili versiyası da tam istifadəyə veriləcək.
Həmçinin, mərkəzlərin işində effektliyin artırılması məqsədilə “facebook” sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılıb və istifadəçilərin xidmətinə verilib.
Turizm informasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.