“Turizm könüllüləri” təşkilatının nümayəndələri GDU-da məlumatlandırıcı görüş keçiriblər
Gəncə, 17 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Turizm könüllüləri” təşkilatının əməkdaşları tələbələrlə görüş keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva turizm sektorunun inkişaf istiqamətlərindən və bu sahədə gənclərin könüllülük fəaliyyətinin önəmindən danışıb.
Görüşdə “Turizm könüllüləri” təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr və ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən geniş bəhs edilib.
Təşkilatın icraçı direktoru Raminə Salayeva bildirib ki, əsas məqsəd turizm sahəsi üzrə gənclərin inkişafı üçün şərait yaratmaq, peşəkar mütəxəssislərin yetişdirilməsi istiqamətində müxtəlif layihə və proqramları həyata keçirmək və təşkilata üzv olan gənclərin fəaliyyətini əlaqələndirməkdir. Bununla yanaşı, turizm könüllülərinin şəxsi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində işlər aparmaq da məqsədlər arasındadır.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.