“Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunub
Ordubad, 10 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Ordubad şəhəri üzrə piyada marşrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubadın zəngin turizm potensialı, rayonun tarixi, özünəməxsus dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanışlıq məqsədilə tərtib edilmiş piyada marşrutunun proqramına uyğun olaraq könüllülər Ordubad Rayon Tarix-Diyarşünaslıq, akademik Yusif Məmmədəliyevin, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər.
Proqrama əsasən könüllülər Ordubad buzxanası, Ordubad hamamı, Sərşəhər meydanı və Ordubad şəhər Cümə məscidi ilə də tanış olub, bu obyektlər haqqında tələbələrə ətraflı məlumat veriblər.
Ekskursiya zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.