MƏDƏNİYYƏT
“Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni əməkdaşlığın qurulması” adlı tədbir başa çatıb
Bakı, 9 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Turizm Təşkilatı və UNESCO-nun birgə təşkilatçılığı ilə Kamboca Krallığının Siem Reap şəhərində keçirilən “Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni əməkdaşlığın qurulması” adlı tədbirdə iştirak edib.
Tədbirə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, UNESCO-nun baş direktoru İrina Bokova, Kamboca Kralı Norodom Sihamoni və Baş naziri Hun Sen, 50-yə yaxın ölkənin mədəniyyət və turizm nazirləri və digər yüksək vəzifəli şəxslər qatılıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın da təmsil olunduğu üç gün davam edən konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.
Konfrans çərçivəsində “Nazirlərin dialoqu” sessiyasında iştirak edən Nazim Səmədov tədbir zamanı yeni ideyaların yaranmasını dəstəklədiyini söyləyərək bildirib ki, əsas məsələ - məkandan asılı olmayaraq, mədəniyyət və turizm sektorlarının dialoqu davam etdirilməli, özəl sektor və digər maraqlı olan tərəflər bu dialoqa dəvət olunmalıdır.
Çıxışının sonunda nazir müavini tədbirin iştirakçılarını 2015-ci ildə Bakıda keçiriləcək iki mühüm tədbirə- Üçüncü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna və Birinci Bakı Avropa Oyunlarına dəvət edib.
Həmçinin konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrinin qlobal şəkildə inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib, həmçinin qarşı tərəflər Bakıda cari ilin aprelin 2-4 -də keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinə dəvət olunublar.