“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının ikinci nömrəsi nəşr olunub
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının ikinci nömrəsi çapdan çıxıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, jurnala Bakıda keçirilən “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransının materialları daxil edilib.
Bundan əlavə, nəşrdə yer alan 23 elmi məqalədən 17-si yerli, 6-sı isə xarici alimlərin elmi tədqiqatlarına həsr olunub.
Məqalələrdə turizm potensialının yüksəldilməsində investisiyaya təsir edən faktorlar analiz olunub, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin ekonometrik təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilib. Bundan başqa, Belarus, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi, davamlı turizm və milli brendləşmədə turizminin rolu ilə bağlı araşdırmalarının nəticələri öz əksini tapıb.