Turizmin inkişafı və problemlər müzakirə olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Assosiasiyasında (AZTA) ölkəmizdə turizmin inkişafı, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması məqsədilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin aidiyyəti üzrə əməkdaşları, AZTA-ya üzv olan turizm şirkətlərinin və mehmanxanaların nümayəndələri iştirak ediblər.
Tədbirdə birinci Avropa Oyunlarının turizm sənayesinə töhfələri, manatın devalvasiyasının turizm sənayesinə təsiri, beynəlxalq əlaqələr və təbliğat, ölkədən getmə, ölkəyə gəlmə və daxili turizmin inkişaf perspektivləri müzakirə olunub.
N.Səmədov çıxış edərək ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən layihələrdən və prioritet istiqamətlərdən danışıb. Diqqətə çatdırılıb ki, son illər bu sahədə xeyli işlər görülüb və hazırda turizm sektoruna dövlətin dəstəyi davam etməkdədir. Yeni turizm kompleksləri və hotellər tikilir, yeni marşrutlar yaradılır. Nazir müavini bildirib ki, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Elektron vizaların verilməsi istiqamətində müsbət addımlar atılır. Bu sahədə yaranmış bütün çətinliklərin aradan qaldırılması üçün nazirlik hər zaman dəstək verməyə hazırdır.
Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov ilin ötən dövrü ərzində bu sahədə görülən işlər və turizm şirkətlərinin qarşılaşdığı problemlərdən söz açıb. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün AZTA-nın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyini vurğulayıb.
AZTA-nın xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli ölkədən gedən turistlərin bir sıra hallarda çətinliklərlə üzləşdiyini bildirərək bu məsələlərin ayrı-ayrı şirkətlərin fəaliyyətindən qaynaqlandığını qeyd edib. Bildirilib ki, assosiasiya müvafiq araşdırma apararaq ölkədə xaricə göndərmə ilə bağlı tövsiyə olunan turizm şirkətlərinin siyahısını ictimaiyyətə təqdim edəcək.
Görüşdə turizm şirkətlərinin fəaliyyətində yarana biləcək risklərin aradan qaldırılması üçün turizm fondunun yaradılması da müzakirə olunub. Həmçinin ölkədəki mehmanxanaların fəaliyyəti, onların qarşılaşdığı çətinliklərdən bəhs edilib.
N.Səmədov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılacağını vurğulayıb.