İQTİSADİYYAT
TÜRK QAFQAZ ORDUSU DÖYÜŞÇÜLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Bu günlər xilaskar Türk Qafqaz Ordusunun Azərbaycana gəlməsinin, Bakını düşmən işğalından azad etməsinin 84-cü ili tamam olur.
1918-ci ilin mart günləri Azərbaycan tarixinin, xalqımızın ən faciəli səhifələrindən biridir. Məhz həmin ilin mart ayında erməni millətçiləri Bakıda kütləvi qırğınlar törətmiş, minlərlə günahsız soydaşımızı qəddarlıqla qətlə yetirmişlər.
Bu qanlı hadisələr ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin müraciəti ilə Nuru Paşanın başçılığı altında ölkəmizə köməyə gəlmiş Türk Qafqaz Ordusunun döyüşçüləri xalqımızın düçar olduğu bu faciənin qarşısını öz azərbaycanlı qardaşları ilə birlikdə almışlar. Amansız düşmənlə döyüşlərdə neçə-neçə türk əsgəri və zabiti, eləcə də xalqımızın oğulları qəhrəmanlıqla həlak olmuşlar. Onların bir qismi Bakının dağüstü hissəsində dəfn edilmişdir.
Nuru Paşanın rəhbərliyi altında Türk Qafqaz Ordusu təkcə Bakıda deyil, Gəncədə, Göyçayda, Ağsuda, Kürdəmirdə, Qubada Şamaxıda da dinc əhalini qırıb məhv edən amansız düşmənlə vuruşmuşdur. Beş ay davam edən bu döyüşlərdə 1130 türk əsgəri və zabiti şəhid olmuşdur.
Sentyabrın 15-də Şəhidlər xiyabanında - Bakı Türk Şəhidliyi xatirə abidəsinin önünə Azərbaycan Prezidenti Heydər Əliyevin adından əklil qoyulması mərasimi olmuşdur. Mərasim iştirakçıları Türk Qafqaz Ordusunun şəhid olmuş döyüşçülərinin xatirəsini ehtiramla yad etdilər. Milli Məclisin sədri Murtuz Ələsgərov xatirə kitabına ürək sözlərini yazdı. Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur