Türkdilli dövlətlərin könüllülərinin həmrəylik görüşü keçirilib
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin birgə təşkilatçılığı və beynəlxalq əməkdşlığı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə könüllülərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş onlayn həmrəylik görüşü keçirilib.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, türkdilli ölkələrin könüllüləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və könüllülük sahəsində əməkdaşlığın inkişafı məqsədilə baş tutan görüşdə sözügedən dövlətlərin könüllü təşkilatlarının nümayəndələri və könüllüləri iştirak ediblər.
Görüş ölkələri təmsil edən nümayəndələrin çıxışları ilə başlayıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin icraçı direktoru Tatyana Mironyuk, Qırğızıstanın Qızıl Aypara Könüllülərinin koordinatoru Güljamal Jumadilova, Özbəkistanın Könüllülər Assosiasiyanın direktoru Shirin Abidova, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyinin şöbə müdiri Erkan Şamiloğlu çıxış edərək könüllüləri Novruz bayramı münasibətilə təbrik edib, ölkələrimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi məqsədilə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları öz ölkələrində könüllülüyün növləri, təşkilatlarının fəaliyyət istiqamətləri, eyni zamanda, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihə və tədbirlər haqqında məlumat verib, təcrübələrini bölüşüblər.
Görüş könüllülər tərəfindən hazırlanmış Novruz ənənələrini əks etdirən əyləncəli təbrik videoçarxlarının nümayişi ilə davam edib. Sonda könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində müxtəlif təkliflər müzakirə olunub.