TÜRKİYƏ BORCUNDAN ÇIXDI
Berlin, 3 aprel (AZƏRTAC). Ermənistan parlamenti sədrinin müavini, İnqilabçı Erməni Daşnaksutyun Federasiyasının üzvü Qrayr Karapetyan “ARMENIA Today” agentliyinə müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması prosesinə Ankaranın qarşılıq göstərməməsindən gileylənmişdir: “Bizim tərəfimizdən bəzi addımlar atılmışdır: Ermənistan Prezidenti Türkiyə Prezidentini futbol matçına dəvət edərək, dialoq üçün şərait yaratmışdır. Lakin biz əks tərəfdən hər hansı addımın atıldığını görmədik. Sərhədlər açılmayıb, dəmir yolu işləmir, iqtisadi və siyasi blokada davam edir”.
Görünür, erməni deputatı elə zənn edir ki, dünya kuboku yarışlarının taleyinin “asılı olduğu” “həlledici” futbol matçına pulsuz bileti Türkiyə Prezidentinə göndərməklə, bu kağız parçasını sərhədlərin və dəmir yolu xəttinin açılmasına dəyişdirmək mümkündür. Tərəzi yazıq deyilmi? Axı, deputat onun bir gözünə Razdan stadionuna dəvət, digərinə isə bu qədər sanballı tələblər qoyur. Ankara tərəfindən cavab addımı atılmadığından şikayətlənən Q.Karapetyan, əslində, səhvə yol verir. Prezident Abdullah Gül erməni həmkarını Türkiyədə oxşar futbol matçına dəvət etməklə, borcundan çıxmışdır.
”Ermənistan-Türkiyə münasibətləri yenə də üçüncü ölkədən - Azərbaycanla münasibətdən asılıdır, bu isə bütün beynəlxalq normalara ziddir”, - deyə gileylənən daşnak “beynəlxalq normalar” ifadəsini özü bildiyi kimi yozur. Lakin “Ölkəsinin silahlı qüvvələrinin başqa dövlətin ərazisində yerləşməsi beynəlxalq normalara nə dərəcədə uyğundur” sualını özünə çətin ki verir.
Bununla belə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 3-də G-20-nin zirvə görüşünün yekunlarına dair mətbuat konfransında “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər, Türkiyə-Ermənistan sərhədi açılmayacaqdır” sözlərini bəyan edərək, həmin məsələyə özü xitam vermişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin