Türkiyə çempionatı: “Fənərbağça” “Beşiktaş” ilə xal fərqini azaldıb
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də futbol üzrə Türkiyə Superliqasının 28-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı komandalardan olan “Fənərbağça” doğma “Şükrü Saracoğlu” stadionunda turnir cədvəlinin son sıralarında qərarlaşan “Osmanlıspor”u qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 55-ci dəqiqədə Matyö Valbuenanın ötürməsindən sonra Martin Skrtel baş zərbəsi ilə topu qapıdan keçirib - 1:0. Bu epizodda “Osmanlıspor”un qapıçısı Zidrunas Karçemarskas topu qapı xəttinin üzərində tutsa da, köməkçi hakimdən məlumat alan baş hakim Halil Umut Meler qolu qeydə alıb.
Bundan 5 dəqiqə sonra “Fənərbağça” hesab arasındakı fərqi ikiyə çatdırıb. Braziliyalı Giulianonun ötürməsini ispaniyalı hücumçu Roberto Soldado qola çevirib - 2:0. Bu, Soldadonun cari mövsümdə İstanbul təmsilçisinin heyətində vurduğu 6-cı qol olub.
Beləliklə, qarşılaşma 2:0 hesabı ilə Aykut Kocamanın baş məşqçisi olduğu kollektivin qalibiyyəti ilə yekunlaşıb.
Bu qələbədən sonra İstanbul klubu xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində dördüncü yerdəki mövqeyini qoruyub və üçüncü pillədəki “Beşiktaş”la arasındakı xal fərqini ikiyə endirib.
Hazırda hesabında 59 xal olan “Başakşəhir” çempionatın lideridir. Ondan 2 xal geri qalan “Qalatasaray” ikinci pillədə qərarlaşıb. Hesabında 56 xal olan “Beşiktaş” üçüncü, 54 xal olan “Fənərbağça” dördüncüdür. Beşinci pillədə qərarlaşan “Trabzonspor”un isə 45 xalı var.
Bu gün keçirilən digər oyunlarda “Konyaspor” öz meydanında “Sivasspor”u 5:0, “Alanyaspor” isə “Akhisar”ı 3:1 hesabı ilə məğlub edib. “Kasımpaşa” səfərdə “Bursaspor”dan üstün olub - 1:0.
Tura aprelin 9-da keçiriləcək “Gənclərbirliyi” - “Qalatasaray” oyunu ilə yekun vurulacaq. “Qalatasaray” həmin matçda qalib gələcəyi təqdirdə yenidən liderliyə yüksələcək.