Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlər keçiriləcək
Bakı, 27 mart, AZƏRTAC
Yaxın günlərdə Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlər keçiriləcək. AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi, regional və beynəlxalq məsələlər üzrə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.
Bundan əvvəl, martın 29-da isə Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Məlumata görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri - Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq. Müzakirələrin nəticələri aprelin 14-də Moskvada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təqdim ediləcək.