Türkiyə mediası: Prezident Əliyev Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli məsləhətləşmə formatı təklif edib
Ankara, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Qardaş ölkə mediası dövlətimizin başçısının qonşu ölkəyə səfərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT AVAZ” və başqa telekanallar, “Sabah”, “Yeni akıt”, “Milliyet”, “Hurriyet” və digər qəzetlər, həmçinin ölkənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasındakı səmimi görüşə, dövlətimizin başçısına göstərilən ali qonaqpərvərliyə dair videomaterial və fotolar yayıblar.
Liderlərin mətbuata bəyanatlarında Prezident İlham Əliyevin ifadə etdiyi “Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq” fikirlərinə xüsusi diqqət çəkən Türkiyə mediası yazır ki, Azərbaycan regiona sülh, sabitlik və inkişaf modeli gətirməkdə qətiyyətlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara