Türkiyə şirkətləri Azərbaycan ilə əməkdaşlığa maraqlıdır
Bakı, 6 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyənin tanınmış şirkətlərinin rəhbər nümayəndələri və Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin təmsilçiləri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda innovativ sənaye quruculuğu istiqamətində atılan addımlardan söz açılıb.
Qeyd olunub ki, bu istiqamətdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsi, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşması, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının genişləndirilməsinə böyük önəm verilir. Həmçinin, elmi araşdırmalar, elm tutumlu texnoloji xidmət və məhsulların istehsalına üstünlük verildiyi, bu aspektdə universitet-sənaye müəssisələri arasında iş birliyinin gücləndirilməsi xüsusi vurğulanıb.
Daha sonra Türkiyə şirkətlərini təmsil edən nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlığa göstərilən maraqdan söz açaraq, yeni əməkdaşlıq istiqamətləri üzrə təkliflərini verib.
Görüşdə MİTEK şirkətlər qrupunun təklifi ilə Xəzər Universitetində texnoparkın yaradılması və bunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənməsi məsələsi müzakirə olunub.