Türkiyədəki zəlzələnin ilk saatlarından Azərbaycan xalqının dəstəyi dünyaya önəmli mesaj verir
Bakı, 11 fevral, AZƏRTAC
Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir.
Bunu Milli Məclisin deputatı Soltan Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan dövləti zəlzələdən dərhal sonra bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Soltan Məmmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın vətəndaşlarımızın bu çətin günlərdə qardaş Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayaraq qeyd edib ki, bu, həm də Azərbaycan xalqının insani dəyərlərə nə qədər bağlı olduğunu bir daha sübut etdi. “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müraciətində də qeyd olunur ki, birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Bu baxımdan, hesab edirəm ki, zəlzələ ilə bağlı dövlətimizin, xalqımızın dəstəyi, hər bir azərbaycanlının keçirdiyi hisslər, göstərdiyi vətəndaşlıq mövqeyi ən yüksək qiymətə layiqdir”, - deyə Soltan Məmmədov qeyd edib.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar. Mehriban Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilir. Sadə vətəndaşlar öz imkanlarını bu işə səfərbər edib. Bütün bunlar, mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın müraciətində Türkiyəyə yardım üçün fədakarlıq nümayiş etdirən hər bir vətəndaşın göstərdiyi insanpərvərlik nümunəsinin yüksək qiymətləndirildiyini deyən Soltan Məmmədov vurğulayıb ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan xalqının göstərdiyi dəstək həm də iki xalqı bir-birinə bağlayan tellərin kifayət qədər möhkəm olduğuna dair dünyaya önəmli mesaj verir.