QAN YADDAŞI
Türkiyəli deputat 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı açıqlama yaymışdır
Bakı, 31 mart (AZƏRTAC). Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı açıqlama yaymışdır.
Açıqlamada martın 31-nin türk dünyasında heç vaxt unudulmayacaq bir tarix olduğunu vurğulayan deputat bildirmişdir ki, 1918-ci ildə minlərlə azərbaycanlının ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi sözün əsl mənasında soyqırımıdır. Azərbaycan xalqının bir əsrə yaxındır soyqırımına məruz qaldığına, qətliamı sübut edən sənədlərin, fotoşəkillərin olmasına baxmayaraq, dünya ictimaiyyətinin hələ də bu faciəyə səssiz qalmasından, laqeyd münasibətindən narahatlıq ifadə olunmuşdur.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
N.Ünüvar açıqlamada bildirmişdir: “Aprelin 24-nün qondarma “erməni soyqırımı günü” olması haqqında əsassız iddialarını bütün dünya ictimaiyyətinə sübut etdirməyə çalışanlar öz tarixlərində azərbaycanlı qardaşlarımıza qarşı sistemli şəkildə törətdikləri qətliamlari ört-basdır edərək unutdurmağa cəhd göstərsələr də xalq və tarix bunu əsla unutmayacaqdır.
Soyqırımı qurbanlarının anım günündə onların ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirəm”.