TÜRKMƏNİSTAN SAPARMURAD NİYAZOVUN PREZİDENTLİYİNİN 14 İLLİYİNİ BAYRAM EDİR
Niyazov özü isə Nazirlər Kabinetinin bir gün əvvəl keçirilən iclasında demişdir: “14 illik bütöv tarix deyildir. Ona görə də bu təntənəli təriflərə ehtiyac yoxdur”.
Prezidentin xəbərdarlığına baxmayaraq, bütün dövlət bayramları kimi, 21 iyun da prezidentin doğulduğu kənddə Türkmənbaşının Mənəvi Məscidində müstəqillik və sədəqə abidəsi önünə gül-çiçək dəstələri qoyulması ilə başlandı. Şənliklərdə hökumətin və Məclisin (parlamentin) bütün üzvləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
1992-ci il iyunun 21-də Saparmurad Niyazov elliklə Türkmənistanın ilk prezidenti seçilmişdir. 1993-cü ildə parlamentin qərarı ilə “bütün türkmənlərin atası” - “Türkmənbaşı” statusu almışdır. Ölkədə yeganə partiya olan Türkmənistan Demokratik Partiyasının təşəbbüsü ilə 1994-cü ilin yanvarında Niyazovun prezidentlik səlahiyyətinin 1997-ci ildə seçkilər keçirilmədən beş il müddətinə uzadılması haqqında referendum keçirilmişdir. 1999-cu ildə isə Xalq Məsləhətinin qərarı ilə Niyazov Türkmənistanın ömürlük prezidenti elan edilmişdir. O, Xalq Məsləhətinin illik yığıncaqlarında dəfələrlə bildirmişdir ki, prezident seçkilərinin keçiriləcəyini 2009-cu ildə elan etmək niyyətindədir.