Türkmənistanın atçılıq qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və ənənəvi at oyunları sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmizin bu sahədə mövcud imkanları və infrastrukturları ilə tanışlıq, həmçinin təcrübə mübadiləsi məqsədilə Türkmənistanın atçılıq qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun müşayiəti ilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb.
Görüşdə ortaq etnik köklər, mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan Azərbaycan–Türkmənistan ikitərəfli münasibətlərinin ölkə rəhbərlərinin təşəbbüsü və şəxsi diqqəti sayəsində müxtəlif sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb, atçılıq idmanı və ənənəvi at oyunları sahəsində qarşılıqlı faydalı əməkdaşlığın bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.
Müzakirə zamanı tərəflər ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsində bu cür səfərlərin mühüm rol oynadığını bildiriblər.