TUTANHAMONUN BÖCƏYİ KOSMOSUN ELÇİSİDİR
Böcəyin qeyri-adiliyini anlamaq üçün minerallar üzrə mütəxəssis lazım gəlmişdir. Sarı-qızılı daşın xüsusiyyətləri ilə maraqlanan İtaliya geoloqu Vinçentso de Mikele misirli həmkarı Əli Bərəkətin köməyi ilə eksponatı tədqiq etmişdir. Məlum olmuşdur ki, bəzək əşyası şüşəyə çox oxşar materialdan hazırlanmışdır. Lakin həmin dövrdə misirlilər şüşə hazırlaya bilmirdilər. Bundan əlavə, material fironların ilk sülaləsindən xeyli qədim idi. Bəs şüşənin mənşəyi haradandır? Bi-Bi-Si-nin çəkdiyi sənədli filmə görə, materialın mənşəyi kosmosla bağlıdır.
Avstriyalı Kristian Köberl ilə amerikalı Con Vessonun Böyük Səhrada apardıqları tədqiqat zamanı şüşəyəbənzər maddənin çoxsaylı blokları aşkar olunmuşdur. Tutanhamonun böcəyi də, çox güman, həmin şüşədən hazırlanmışdır. Vessonun fikrincə, minlərlə il əvvəl Afrika səhrasında 1908-ci ildə Sibirin Tunquska bölgəsində baş vermiş nadir təbiət hadisəsinə bənzər hadisə olmuşdur. Kometanın, yaxud meteoritin Yer kürəsinə yaxınlaşması ilə əlaqədar güclü partlayış 80 milyon ağacı qoparıb, yerində kraterin izini belə qoymamışdır. Kompyuterdə modelləşdirilmiş Böyük Səhra üzərindəki təbiət hadisəsi, çox güman, 1800 dərəcə temperaturla müşayiət olunmuş, qum örtüyünü şüşəyəbənzər materiala çevirmişdi. Fironlar dövründə nadir olan bu material şah sərdabasına qoyulmağa layiq idi.