Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Ucar, 1 dekabr, AZƏRTAC
Ucar rayonunda ağır yol qəzası baş verib. Belə ki, yük maşını yas mərasimindən qayıdan 72 yaşlı kişini vuraraq öldürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəhşətli hadisə Bakı-Qazax magistralının Ucarın Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Qoşqulu “KamAZ” markalı yük maşını yolu keçən piyada - Kürdəmir rayon sakini, 1949-cu il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub.
Mərhumun yaxınlarının sözlərinə görə, Bəhrəm Dəmirov Kürdəmir rayonundan Ucarın Küçəkənd kəndinə yas mərasiminə gəlibmiş. Hadisə də evə qayıdarkən baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.