Ucarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Ucar, 26 fevral (AZƏRTAC). Ucar şəhərindəki mədəniyyət evində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ucarda məskunlaşmış xocalılı məcburi köçkünlərin də qatıldıqları mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciə ilə bağlı məruzə və çıxışlar dinlənilmişdir.
Qeyd olunmuşdur ki, 21 ildir dünyanın hansı qitəsində, hansı ölkəsində yaşamasından asılı olmayaraq milyonlarla azərbaycanlı erməni faşistlərinin törətdikləri bu qətliamın qurbanlarının xatirəsini yad edir. Bir daha bəyan edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə təpədən dırnağadək silahlanmış erməni quldur dəstələri Xocalıda dinc azərbaycanlılara qarşı insanlığa yaraşmayan vəhşiliklər törətmişlər. Məhz o gecə bir neçə saatın içində 613 nəfər dinc sakin, o cümlədən uşaqlar, qadınlar, qocalar qəddarlıqla öldürülmüş, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalmış, onların cəsədləri üzərində təhqiramiz həqarətlər edilmiş və şəhər yandırılmışdır.
Bütün bunların erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu qeyd edən mərasim iştirakçıları bu qanın yerdə qalmayacağını, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımızın azad ediləcəyinə əmin olduqlarını vurğulamışlar. Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində artıq dünyanın bir çox ölkələrində bu soyqırımının tanındığı, getdikcə belə dövlətlərin sayının artdığı bildirilmişdir.
Anma mərasimində Xocalı soyqırımını əks etdirən sənədli film göstərilmiş, rayonun mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Həmin gün rayonda müvəqqəti məskunlaşan 17 Xocalı ailəsinə maddi yardım göstərilmişdir.