“Üç yaşımda çıxdığım kəndimə 3 yaşlı oğlumla qayıtdım” - Şükürbəylilərin Qayıdış sevinci VİDEO
Cəbrayıl, 10 sentyabr, AZƏRTAC
Bu gün Cəbrayılda daha bir tarixi an yaşanıb - 25 ailə (154 nəfər) Şükürbəyli kəndinə qayıdıb. Onlardan kimisi Cəbrayıldan çıxanda uşaq, kimisi yeniyetmə, kimisi isə gənc olub. İllərlə davam edən yurd həsrəti artıq onlar üçün başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyliyə qədəm qoyan hər bir sakinin baxışlarında həm ötən illərin kədəri, həm də yenidən dirçələn torpağın yaratdığı sonsuz fərəh oxunurdu. Yurd yerində ucalan müasir evlər, abad küçələr və cənnətə dönən yeni mənzərə sakinlərin sevincinə sevinc qatıb.
Şükürbəylinin bu müqəddəs torpağına ayaq basan sakinlərdən biri də Səbuhi Məmmədovdur. O, kövrək hisslərini bölüşərək deyib: “İllərlə həsrətini çəkdiyimiz yurd yerimizə qovuşmaqla çox gözəl anlar yaşayırıq. Kəndə daxil olarkən elə hisslər keçirdim ki... Vətənə qovuşduğum üçün nə qədər sevincli olduğumu ifadə etməyə sözlər aciz qalır. Çünki dünyaya göz açdığım bu torpaqdan 3 yaşımda ayrılmışdım. Yaşa dolduqca Vətən həsrətini daha yaxşı anlayırdım. Çox arzu edirdim ki, doğulduğum, amma uşaqlığımı keçirə bilmədiyim yurdumuzda övladlarım yaşasın. Bu qayıdış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı Qələbənin bəhrəsidir.

Dediyim kimi, bu yerlərdən məcburi köçkün düşəndə 3 yaşım var idi. İndi isə bura öz ailəmlə qayıtmışam və oğlumun 3 yaşı var. Sevincimin həddi-hüdudu yoxdur. Çox sevinirəm ki, mənim yarımçıq qalan uşaqlıq və yeniyetməlik çağlarımı dörd övladım burada yaşayacaq. Burada bizim üçün hər cür şərait yaradılıb, kənd tam müasir standartlara uyğun inşa edilib. Ailəmiz 4 otaqlı evlə təmin olunub. Bu anları bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm”.
Ağsaqqal Tofiq Mustafayev də illər öncə Cəbrayıldan övladlarını götürüb çıxmışdısa, bu gün artıq həmin ocağın davamçıları olan nəvələri ilə birgə tərəddüdsüz və başıdik şəkildə dədə-baba yurduna dönür. “Biz Cəbrayıldan çıxanda 38 yaşım var idi. Çox ağrılı-acılı anlar yaşadıq. Yurd yerlərimiz işğal edildi, evlərimiz dağıdıldı, özümüz isə məcburi köçkün düşdük. İllərlə bir arzumuz oldu — doğma Cəbrayılımıza qayıdaq. Ümidimiz bir an olsun belə itmədi. İndi bizlər üçün həsrət başa çatıb, sevinc dolu, xoşbəxt anlar yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz tarixi Qələbə qazandı. Bu torpaqlar uğrunda qəhrəman oğullarımız canını fəda etdi. İndi azad olunan yerlər yenidən qurulur, həyat bərpa olunur. Bizim kəndimiz də çox gözəl inşa edilib - yolları, parkları, məktəbi, bağçası və müasir evləri var. Biz də 4 otaqlı evlə təmin olunmuşuq və ömrümüzün qalan hissəsini burada firavan yaşayacağıq”.

İllər öncə doğma ocaqlarından köçkün düşən bu insanlar indi ata-babalarının izi qalan torpaqlarda firavan gələcəyin ilk səhifələrini yazırlar. Şükürbəyliyə bu qayıdış təkcə bərpa olunan evlər, yenilənən küçələr deyil, bu, kəndin yenidən döyünən nəbzi, yarımçıq qalmış ömürlərin Vətənlə bütövləşməsi və nəsillərin Qayıdış dastanıdır.
Müxbir Aydın Yavərzadə