UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb
Bakı, 18 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 7 cütün tərkibi müəyyənləşib.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında çıxış edəcəklər.
Püşkə əsasən, Çempionlar yolunda “Jalgiris” (Litva) - “Malmö” (İsveç) cütünün məğlubu “Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq) cütünün məğlubu, “Lüdoqorets” (Bolqarıstan) - “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu “Dinamo” (Zaqreb, Xorvatiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu, “Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç) cütünün məğlubu “Qarabağ” (Azərbaycan) - “Sürix” (İsveçrə) cütünün məğlubu, “Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün məğlubu, “Maribor” (Sloveniya) - “Şerif” (Moldova) cütünün məğlubu HIK (Helsinki, Finlandiya) - “Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu ilə qarşılaşacaq.
Liqa yolunda isə “Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün məğlubu Serbiyanın “Partizan”, “Dinamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə) cütünün məğlubu isə Çexiyanın “Slovaçko” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 4-də, cavab qarşılaşmaları avqustun 11-də olacaq.