“Uimbldon”da ilk oyun gününə yekun vurulub
London, 30 iyun, AZƏRTAC
Dünyanın ən nüfuzlu tennis turnirlərindən biri olan “Uimbldon” çempionatında ilk oyun gününün qarşılaşmaları başa çatıb.
AZƏRTAC xəbər verir ki, açılış günü gərgin mübarizə, gözlənilməz nəticələr və zədələr səbəbindən yarışdan çəkilmələrlə yadda qalıb.
Kişilər arasında dünya reytinqinin lideri və son çempion Yannik Sinner ilk mərhələdə serbiyalı Miomir Ketsmanoviçi beşsetlik gərgin qarşılaşmada məğlub edərək növbəti mərhələyə yüksəlib. İtaliyalı tennisçi titulunu qorumaq yolunda ilk sınağını uğurla adlayıb.
Qadınların yarışında dünya reytinqinin bir nömrəsi Arina Sabalenka çexiyalı Teodora Kostoviçi iki setdə məğlub edərək ikinci mərhələyə vəsiqə qazanıb.
İlk oyun günü Böyük Britaniya təmsilçiləri üçün uğursuz olub. Ölkənin aparıcı tennisçilərindən Cek Dreyper zədə səbəbindən turnirdən çəkilib. Ondan əvvəl isə Emma Radukanu sağ topuğunda stress sınığı aşkar edildiyi üçün “Uimbldon”da iştirakdan imtina etmişdi.
Britaniyalı Kemeron Norri təsnifat mərhələsindən əsas yarışa yüksələn Maykl Jenqə beşsetlik, dörd saatdan çox davam edən qarşılaşmada məğlub olub. Qadınların yarışında isə Harriet Dart Latviyanı təmsil edən Fransa Açıq çempionatının sabiq qalibi Yelena Ostapenkoya uduzub.
“Uimbldon” çempionatı iyulun 12-dək davam edəcək.