Ukrayna Azərbaycana Beynəlxalq Kiberdavamlılıq və Kompetensiya Mərkəzinə qoşulmağı təklif edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Ukrayna Azərbaycanın kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa qoşulmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk CIDC-2025 tədbiri çərçivəsində keçirilən “Kibermüdafiənin qurulması: Ukraynanın kibermüharibədən çıxardığı dərslər” adlı təqdimatda bildirib.
Nataliya Tkaçuk Ukrayna Rusiya ilə kibermüharibə təcrübəsində əsas nəticə kimi kibertəhlükəsizliyin milli davamlılıq üçün həlledici əhəmiyyət daşıdığını görüb.
“İlk günlər Rusiya banklar, energetika, nəqliyyat, mobil operatorlar və telekommunikasiya sistemlərimizi iflic etməyə çalışdı. Lakin biz hazır idik və ölkənin kiberdayanıqlığını qoruduq”, – deyə o vurğulayıb.
N.Tkaçuk qeyd edib ki, Ukraynanın əsas üstünlüyü spontan şəkildə formalaşan və qısa zamanda 300 minə yaxın könüllünü birləşdirən “IT ordusu”nun dəstəyi olub. Bu könüllülər yalnız Ukraynadan deyil, müxtəlif ölkələrdən cəlb olunaraq kritik infrastrukturun müdafiəsində və cavab əməliyyatlarında iştirak ediblər: “Hazırda biz kiberehtiyat, kiberqruplar və kiberkönüllülərin fəaliyyətini təmin edən hüquqi bazanı formalaşdırırıq. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı, etimad şəbəkələri və beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Biz artıq Beynəlxalq Kiberdavamlılıq və Kompetensiya Mərkəzi yaratmağa başlayırıq. Bu mərkəz Kiyevdə yerləşəcək. Biz tərəfdaş axtarırıq və Azərbaycanın da bizə qoşulmasını arzulayırıq”, – deyə N.Tkaçuk əlavə edib.
Təqdimatın yekununda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saidə Əhmədova Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi Nataliya Tkaçuka xüsusi sertifikat təqdim edib.