Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bu ölkədə elan etdiyi “Xocalı ayı”na Odessa şəhərindən başlanılmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Ukraynada elan etdiyi “Xocalı ayı”na bu ölkənin Odessa şəhərindən başlanılmışdır.
UAGB-dən AZƏRTAC-a bildirmişlər ki, Odessa Vilayət Administrasiyası rəsmilərinin, diplomatların, şəhərdəki türk, tatar, yəhudi, alman, Fələstin və digər xalqların diaspor təşkilatları təmsilçilərinin iştirak etdikləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Anar Tahirov və qurumun Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Onlar 1992-ci il fevralın 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara, ümumiyyətlə, dinc əhaliyə qarşı törətdikləri misli görünməmiş vəhşilikləri tarix boyu xalqımıza yönəlik soyqırımı siyasətinin məntiqi davamı kimi səciyyələndirmişlər .
Mərasim iştirakçıları Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə hazırladıqları” Qarabağ tarixin burulğanında” filminə baxmaqla ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırımı siyasətinin dəhşətli nəticələri ilə tanış olmuşlar.
Xocalı soyqırımında birbaşa əli olan rəsmi Yerevan və onun hazırkı rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Filmə baxdıqdan sonra belə bir bəyanatla çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulunun müavini Məlik Dəmirdaş və digər çıxış edənlər aradan 21 il ötməsinə baxmayaraq dünya birliyinin hələ də belə bir dəhşətli bəşəri cinayətə hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.
Jurnalist Valeri Bulumenkrans isə Xocalı faciəsini dünyada baş verən ən amansız qətliamlardan biri kimi qiymətləndirərək indiyədək beynəlxalq təşkilatların belə bir bəşəri cinayətə hüquqi-siyasi qiymət verməmələrindən təəssüfləndiyini bildirmişdir.
Anma mərasimində Odessa şəhərində yaşayan azərbaycanlı gənclərin Xocalı faciəsi ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mərasimin sonunda tədbir iştirakçıları adından Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.