SİYASƏT
Ukrayna COP29-da ən çətin maliyyə məsələlərinin həll ediləcəyini gözləyir
Kiyev, 4 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ən çətin maliyyə məsələlərinin həll ediləcəyi gözlənilir. COP29 qlobal iqlim dəyişikliyi səylərində əsas addımlardan biridir. Ümidvaram ki, Ukrayna nümayəndə heyəti konfransın uğur qazanmasına öz töhfəsini verəcək.
Bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında filologiya elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Anastasiya Pojar deyib. O əlavə edib: “İnanıram ki, COP29 emissiyaların azaldılması və iqlim risklərinin minimuma endirilməsi üzrə qlobal məqsədlərə nail olmaq üçün lazım olan texnologiyaların maliyyələşdirilməsi və tətbiqi üçün yeni mexanizmlərin işlənib hazırlanmasında mühüm addım olacaq”.
A.Pojar vurğulayıb ki, Azərbaycan Konvensiyanın və Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün bir çox tədbirlər görür, o cümlədən şəffaflığın artırılması, iqlimin maliyyələşdirilməsi və enerjiyə qənaət edən texnologiyaların dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür.
“Bundan əlavə, bu konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi geosiyasi aktora çevrilməsindən xəbər verir. Neft və qaz ixracatçılarından biri olan Azərbaycan da son illər yaşıl iqtisadiyyat siyasətini uğurla inkişaf etdirib. COP29 Azərbaycan üçün bərpaolunan enerji mənbələrindən istifadə, karbon qazı emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətlə bölüşmək üçün yaxşı fürsət olacaq”, - deyə Kiyev Milli Universitetinin dosenti bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev