DÜNYA
Ukrayna Konstitusiya Məhkəməsinə hakimlərin müsabiqə yolu ilə seçilməsi prosesi başlayıb
Bakı, 1 mart, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə müsabiqə yolu ilə seçimin başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc olunub. Sənəd namizədlərin seçilməsinə cavabdeh olan komissiyanın formalaşdırılmasını nəzərdə tutur. Komissiyanın tərkibinə hüquqşünas və müəllimlərdən ibarət beş nəfərin daxil olacağı bildirilir.
Ukrayna qanunvericiliyinə əsasən, Konstitusiya Məhkəməsinin 18 hakimindən yalnız altısı prezident tərəfindən təyin olunur.
Qeyd edək ki, bir müddət öncə Ukraynanın Prezident Aparatı Volodimir Zelenskinin prezidentlik müddətinin legitimliyinə aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Hakimlər 2024-cü ilin mayında 5 illik müddəti bitən prezidentin dövlət başçısı vəzifəsini icra etmək səlahiyyətinə malik olub-olmadığına qərar verməlidir.