SİYASƏT
Ukraynada dəyirmi masa: “Heydər Əliyevin beynəlxalq əlaqələrin qurulmasında rolu”
Kiyev, 10 may, AZƏRTAC
Ukraynanın Sumı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Sumı Dövlət Universitetində keçirilən “Heydər Əliyevin beynəlxalq əlaqələrin qurulmasında rolu” mövzusunda dəyirmi masada aparıcı alimlər, ictimai-siyasi xadimlər iştirak ediblər.
Fəxri konsul Əfqan Salmanov çıxış edərək, Ulu Öndərin misilsiz xidmətləri haqqında geniş məlumat verib. Bildirib ki, Ümummilli Liderimiz cəmiyyətin bütövləşməsi, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb.
“Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin fəaliyyəti dünyada yaşayan azərbaycanlıları daha da ruhlandırır. Dünyada, o cümlədən Ukraynada yaşayan soydaşlarımız dövlətimizin başçısının fəaliyyətindən ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər”, - deyə fəxri konsul əlavə edib.
Universitetin Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Sergey Deqtyarev, tarix elmləri namizədi Anatoli Qonçarenko, pedaqoji elmlər namizədi Oleq Tulyakov, hüquq elmləri namizədi Vladislav Zavqorodney çıxışlarında görkəmli siyasətçinin tərcümeyi-halı, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətinin müxtəlif məqamlarına nəzər salıblar. Azərbaycan ilə Ukrayna arasında sıx mədəni və iqtisadi əlaqələrin qurulmasında Ulu Öndərin mühüm rolundan bəhs ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev