Ukraynada növbədənkənar prezident seçkilərinə hazırlıq işləri təqvim planına uyğun davam edir
Bakı, 16 aprel (AZƏRTAC). Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Ukraynada 2014-cü il mayın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərinə hazırlıq işləri Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq edilmiş təqvim planına uyğun olaraq davam edir.
Ukraynanın hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini müəyyən olunmuş müddətdə, şəffaf, demokratik şəkildə, milli qanunvericiliyə və hamılıqla qəbul edilmiş beynəlxalq standartlara tam müvafiq olaraq keçirmək, seçkilərdə beynəlxalq müşahidəçilərin maksimum iştirakını təmin etmək əzmindədirlər.
Ukrayna prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 2014-cü il aprelin 4-də başa çatmışdır. Ukrayna MSK ölkənin praktiki olaraq bütün regionlarını və siyasi qüvvələrin bütün spektrini təmsil edən 23 namizədi rəsmən qeydə almışdır.
Dairə seçki komissiyalarının yaradılması bu il aprelin 14-də başa çatmışdır. Hazırda məntəqə seçki komissiyalarının yaradılması işi davam edir. Bu iş mayın 6-da başa çatdırılacaqdır.
Prezident seçkilərinin müşahidə edilməsi üçün Ukrayna ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB), Avropa Parlamentindən, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının və GUAM-ın parlament assambleyalarından müşahidəçiləri rəsmən dəvət etmişdir.
ATƏT DTİHB-nin Ukraynada növbədənkənar prezident seçkilərini müşahidə edən uzunmüddətli missiyası bu il martın 19-da Ukraynada işə başlamışdır. Bu təşkilatın qısamüddətli müşahidəçilər missiyasının formalaşması davam edir. ATƏT üzvü olan dövlətlərin əksəriyyəti həmin missiyaya öz nümayəndələrini göndərməyə hazır olduqlarını bildirmişlər. Qısamüddətli müşahidəçilərin planlaşdırılan sayı 900 nəfərdən çoxdur.
Bu günə olan məlumata görə, Ukrayna MSK beynəlxalq təşkilatlardan 143 beynəlxalq müşahidəçini və xarici dövlətlərin üç müşahidəçisini qeydə almışdır.
Ukrayna qanunvericiliyi Ukrayna vətəndaşlarının konstitusiyada təsbit olunmuş seçki hüquqlarını reallaşdırmaq imkanını tam təmin etmişdir.
O cümlədən, Ukrayna hüdudlarından kənarda yaşayan və ya seçkilərə hazırlıq və seçkilər keçirilən dövrdə Ukrayna hüdudlarından kənarda olan Ukrayna vətəndaşları bu və ya digər xarici dövlətin ərazisində olmalarının hüquqi əsaslarından, eləcə də həmin dövlətin ərazisində akkreditə edilmiş diplomatik nümayəndəliyin və ya konsul müəssisəsinin konsul uçotuna götürülüb-götürülməməsindən asılı olmayaraq, səsvermə hüququnu ümumi əsaslarla reallaşdırırlar.
Beləliklə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya Ukraynada növbədənkənar prezident seçkiləri keçirilərkən müvəqqəti Azərbaycan Respublikasının ərazisində olan Ukrayna vətəndaşları özlərinin səsvermə hüququnu Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi yanında yaradılmış 900003 nömrəli xarici seçki məntəqəsində (Bakı şəhəri, Yusif Vəzirov küçəsi, 49) reallaşdıra bilərlər.
Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə telefonları: +994124494088, +994124412706, +994502557518.