CƏMİYYƏT
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Bakı, 2 oktyabr, AZƏRTAC
Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.
Bu proqram əsasında onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.
15 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki, İsmayıllı və Şamaxıya ekskursiyaları da təşkil olunacaq.