Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Həştərxanda bir sıra tədbirlərlə qeyd edilib
Həştərxan, 9 may, Leyla Muradzadə, AZƏRTAC
Mayın 8-də Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xiyabanda onun abidəsini ziyarət ediblər. Onlar Ulu Öndərin xatirəsini yad edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra nümayəndə heyətinin üzvləri xiyabanda Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə ağaclar əkiblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və vilayətin rəhbər şəxsləri ilə görüş keçirib. Görüş əsnasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müxtəlif konfranslar, dəyirmi masalar, televiziya proqramları və müsabiqələrin təşkil olunduğu xatirə tədbirlərinin planı müzakirə edilib. Tərəflər qeyd ediblər ki, Heydər Əliyevin regionlararası əlaqələrin qurulması üzrə həyata keçirdiyi siyasət Azərbaycan və Rusiya arasında dostluq münasibətləri və işgüzar əməkdaşlığın davamının təməlini təşkil edir.
Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət edib, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb, memorialın önünə gül dəstələri qoyublar.
Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində olub, burada Ulu Öndərə həsr edilmiş sərgiyə baxıb. Qonaqlara məktəbin fəaliyyəti haqqında məlumat verilib, Ümummilli Lider Heydər Əliyevin zəngin ömür yolu və onun adını daşıyan bu təhsil ocağından bəhs edən videoçarx nümayiş etdirilib. Sonda Ümummilli Liderin 100 illik yubileyi münasibətilə beş nominasiya üzrə keçirilən müsabiqənin qalibləri olmuş məktəblilərə mükafatlar təqdim edilib.
Həmin gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: müasir vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda, Federal dövlət büdcə təhsili müəssisəinin filialı olan Volqa Dövlət Su Nəqliyyatı Universitetində olub. Burada qonaqlara institutun tarixi və fəaliyyəti, habelə müasir tədris metodları və texnoloji tədqiqatlar barədə məlumat verilib.
Tədbirlər proqramı Azərbaycan Respublikası və Həştərxan vilayəti incəsənət ustalarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertlə başa çatıb.