REGİONLAR
Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan prokurorluğunun formalaşmasında rolu əvəzolunmazdır
Qəbələ, 14 iyun, AZƏRTAC
Qəbələ şəhərində Azərbaycan Respublikası Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimizin sürətlə inkişaf etdiyini, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib.
Qeyd edib ki, məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.
Baş prokuror Kamran Əliyev daha sonra öz çıxışında Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti haqqında söhbət açıb, Ümummilli Liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırıb.
Xüsusi olaraq vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu əvəzolunmazdır.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133-cü maddə daxil edilməklə, prokurorluq orqanlarının dövlət təsisatları sırasında və ümumilikdə cəmiyyətimizdə olan yeri müəyyənləşdirilərək dövlət səviyyəsində göstərilən hərtərəfli dəstək və qayğı nümayiş etdirilib: “Ulu Öndərin tövsiyə və tapşırıqlarına uyğun olaraq, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilib, bu qurumun fəaliyyəti ilə bağlı beynəlxalq, demokratik və sivil standartları əks etdirən qanunvericilik aktları hazırlanaraq qəbul edilib, yeni nəsil kadr siyasətinin, müsabiqə yolu ilə işə qəbulun istiqamətləri müəyyən olunub, prokurorluğun gələcək intellektual bazasının yaradılması üçün işə qəbul qaydaları dəyişdirilib, prokurorluq işçilərinin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində diqqət və qayğı artırılmaqla, peşə bayramı günü təsis edilib”.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Qəbələ rayonuna qayğısı, rayonun sosial-iqtisadi inkişafı, elm-təhsil, mədəni, turizm potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən müstəsna əhəmiyyətli işlər barədə tədbir iştirakçılarına məlumat verib.
İclasda Milli Məclisinin deputatı Nizami Səfərov “Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi”, Prokurorluğun veteranı Mircavan Kazımov “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi” mövzularında çıxış ediblər.
Maraqlı müzakirələr şəraitində keçirilən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.