Ulu Öndərin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm siyasətinin əsaslarından biri olan əfv sərəncamları dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq imzalanır.
Mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam yüzlərlə, minlərlə ailəni sevindirdi, məhkumların yaxınlarını fərəhləndirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
Deputat bildirib: “Təbii ki, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi xadim və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin tarixində əlamətdar hadisə olduğundan əfv Sərəncamının imzalanacağı gözlənilən idi. Prezident İlham Əliyev Ulu Öndərin əbədiyaşar xatirəsini daim dərin hörmət və ehtiramla yad edir, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiqliyini konkret addımlarla ortaya qoyur.
Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri vardır. Həmçinin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilir. Humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən Prezident İlham Əliyev cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq məhkum olunmuş bir sıra şəxslərin vaxtından öncə azadlığa qovuşmalarını təmin edib”.
C.Quliyev qeyd edib ki, Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
“Əfv edilərək azadlığa qovuşan məhkumları və onların yaxınlarını təbrik edirəm. Ümid edirəm ki, onlar cəmiyyətimiz üçün faydalı vətəndaş olacaqlar və yolları bir daha heç zaman zindanlara düşməyəcək”, - deyə deputat qeyd edib.