ULU ÖNDƏRİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KİTAB SƏRGİSİ AÇILMIŞDIR
Mədəniyyət və Turizm Nazirliyinin və Milli kitabxananın təşkil etdiyi sərgi “Heydər Əliyevin kitabxanaya hədiyyə etdiyi kitablar” və “Dahi şəxsiyyət, unudulmaz insan” bölmələrindən ibarətdir. Birinci bölmədə ümummilli liderimiz tərəfindən kitabxanaya hədiyyə edilən 300-dən artıq kitab var. Onların arasında “Quran”, Milli Məclisin deputatı Rafael Hüseynovun “Məhsəti necə varsa” monoqrafiyası, görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının “Babək” romanı, “İlk Azərbaycan kitabı”, kosmonavtika sahəsində görkəmli mütəxəssis, general Kərim Kərimov haqqında kitab və sair nəşrlər vardır.
İkinci bölmədə isə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 150-dən artıq kitab göstərilir.
Sərginin açılış mərasimində kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq şairi Zəlimxan Yaqub, YUNESKO-nun “Hamı üçün informasiya” Proqramı Rusiya komitəsinin sədri Yevgeni Kuzmin və başqaları çıxış etmişlər.