Ulu Öndərin şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir
Qax, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Qax rayonunda da dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin anım günü ilə əlaqədar dekabrın 12-də rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri dahi rəhbərin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Anım günü ilə əlaqədar ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, qazilərin, ağsaqqal və gənclərin iştirak etdiyi ehsan mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının, dövlətçiliyinin tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Dövlətçiliyimizin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. Ulu Öndərin şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir.
Tədbirdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon ağsaqqalı Məmməd Xasıyev çıxış edərək, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlərin Ulu Öndərə öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırdığını vurğulayıblar. Qeyd olunub ki, dahi rəhbərin xalqa bağlı ömrünün əbədiyyətə qovuşduğu andan iyirmi iki il vaxt keçsə də, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.