ÜMT: Antarktikada dəniz buz sahəsi fevral ayında tarixi minimuma çatıb
Bakı, 11 mart, AZƏRTAC
Antarktikada dəniz buz sahəsi fevral ayında tarixi minimuma çatıb, bu, ardıcıl olaraq artıq ikinci ildir ki, baş verir. AZƏRTAC Ümumdünya Meteorologiya Təşkilatına (ÜMT) istinadla xəbər verir ki, eyni zamanda, Antarktikada dəniz buz sahəsi bütün müşahidələr tarixi ərzində ikinci ən aşağı səviyyəsindədir.
Bu, qlobal miqyasda bütün müşahidələr tarixi ərzində böyük miqdarda ekstremal temperatur və yağıntısı olan beşinci ən isti fevral, Avropada isə ikinci ən isti qış olub.
Dəniz buzu qlobal, regional və yerli hava şəraitinə çox böyük təsir edir və qlobal iqlim vəziyyəti barədə ÜMT-nin hesabatlarında əsas iqlim göstəricisidir. Dəniz buzu sahəsində dəyişikliklər ekosistemlər və cəmiyyət üçün ciddi nəticələrə səbəb ola bilər.
Arktikanın istiləşməsi orta qlobal istiləşmədən iki dəfədən artıq tez baş verir. Nəticədə 45 illik peyk müşahidələri ərzində arktik dəniz buzu kəskin şəkildə azalıb. Şaxtalı qış dövrünün sonunda, fevral ayında dəniz buzu sahəsi bütün müşahidələr tarixi ərzində ikinci ən aşağı səviyyəsində olub.
Yanvar və fevral aylarında Antarktika dəniz buzunun sahəsi rekord aşağı səviyyəyə çatıb. Fevralın sonunda buzun sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib. Bu, 2022-ci ilin fevralında qeydə alınmış rekord minimumdan 93 000 kvadrat kilometr aşağıdır.
Bütün ötən il ərzində Antarktikada dəniz buzunun sahəsi ümumilikdə aşağı olub, təzə buz isə həmişəkindən daha nazik və kövrək olub. Eyni zamanda, Antarktika yarımadası (Cənubi Amerika yaxınlığında şimal-qərb qurtaracağı) planetin ən tez istiləşən regionlarından biridir. Bu göstərici son 50 ildə təxminən 3°C olub.
Bunun təbii hava dəyişkənliyinin bir hissəsi və ya dəniz səviyyəsinin yüksəlməsinə böyük təsir göstərə biləcək iqlim dəyişikliyi nəticəsində yeni uzunmüddətli ərimə tendensiyası olub-olmadığı barədə nəticə çıxarmaq hələ çox erkəndir.