Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri: “Laura” mövsümün ən təhlükəli qasırğasıdır
Bakı, 29 avqust, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri Meksika körfəzinin Amerika sahillərinə çatmış “Laura” qasırğasını ABŞ-da cari qasırğalar mövsümünün ən güclü və təhlükəli qasırğası adlandırıblar.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, ÜMT ekspertlərinin fikrincə iqlim dəyişmələri ilə əlaqədar bu cür genişmiqyaslı təbii fəlakətlər tez-tez baş verəcək.
Bu mövsümdə ABŞ-da artıq yeddinci qasırğadır ki, ona xüsusi ad verilir (qasırğalara o halda ad verilir ki, episentrdə küləyin gücü müəyyən səviyyəyə çatsın). ÜMT iqlim mütəxəssisləri qeyd edirlər ki, cəmi bir sutka ərzində “Laura” qasırğasının gücü artaraq birinci kateqoriyadan dördüncü kateqoriyaya çatıb. Onların fikrincə, qasırğanın bu cür sürətlə güclənməsi də qlobal istiləşmə ilə bağlıdır.
Mətbuatda verilən məlumata görə, ABŞ-ın hakimiyyət orqanları fəlakət zonasına təqribən 1500 nəfər xilasedici, o cümlədən Milli Qvardiyanın hərbi qulluqçularını göndəriblər. Qasırğanın episentrində külək o qədər güclü olub ki, çoxsaylı dağıntılar baş verib, 6 nəfər ölüb, 500 min sakinin elektrik enerjisi ilə təchizatı kəsilib.
ÜMT ekspertləri bildiriblər ki, suyun temperaturunun artması küləyin güclənməsinə və dənizin səviyyəsinin qalxmasına gətirib çıxarır. Bu halda qabarmalar güclənir, genişmiqyaslı daşqınlar riski yaranır. İsti hava həm də buxarlanmanın və yağıntıların artmasına şərait yaradır.
ÜMT-nin tropik siklonlar və iqlim dəyişmələri şöbəsinin rəhbəri Tom Knutson deyib: “Əsasən insanın fəaliyyəti ilə əlaqədar dəniz səviyyəsinin artması nəticəsində siklonlar əmələ gəlir və suyun səviyyəsi daha da yüksəlir”.
Aparılmış tədqiqatlar göstərir ki, havanın temperaturu 2 dərəcə artdıqda 100 kilometr radiusda qasırğaların doğurduğu yağıntıların həcmi 10-15 faiz artır.
Alimlər hesab edirlər ki, bütün dünyada tropik siklonların və qasırğaların intensivliyi və dağıdıcı qüvvəsi daha da artacaq.
Bununla bərabər, ÜMT nümayəndəsi əlavə edib ki, insanın fəaliyyəti nəticəsində qlobal istiləşmə ilə qasırğaların gücü arasında əlaqə qeyri-müəyyəndir. Belə ki, hava kataklizmlərinin ümumi sayında dördüncü və beşinci kateqoriyalara aid edilən qasırğaların nisbi sayı artacaq və bu, ehtimal ki, insanın fəaliyyətinin nəticələri ilə bağlıdır. Lakin bütövlükdə, modelləşdirilmiş proqnozlara görə tropik siklonların, o cümlədən güclü qasırğaların başvermə tezliyi bir qədər azalacaq və ya əvvəlki səviyyədə qalacaq.