Ümumi inkişaf üçün Vətəndaş cəmiyyəti və biznesin əməkdaşlıq etməsi lazımdır
Bakı, 26 aprel, AZƏRTAC
“Bu gün vətəndaş cəmiyyəti ilə biznes arasında möhkəm əlaqələrin yaradılması zərurətini müşahidə edirik. Onların əməkdaşlığı artıq çox aktualdır”. Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən sabit inkişaf naminə insan haqları üzrə müvəkkil Fransua Loriot deyib.
O vurğulayıb ki, vətəndaşların müxtəlif qruplarının maraqlarını dəstəkləyən qeyri-hökumət təşkilatları öz məqsədlərinə çatmaq üçün biznes nümayəndələri ilə daha sıx əməkdaşlığa ehtiyac duyurlar.
Sahibkarlar da bu əlaqələrin inkişafında maraqlıdırlar, çünki müasir reallıq biznesdən sosial məsuliyyət tələb edir.
F.Loriot qeyd edib ki, bu məqsədə yetişmənin qarşısında duran əsas maneələrdən biri milli qanunvericiliklərdəki ziddiyyətlərdir. Onlar əlaqələrin nizama salınmasında qarşılıqlı maraq prinsiplərini tam mənada təmin etməyə imkan vermir. Bu problemin həlli üçün normativ-hüquqi bazada müvafiq dəyişikliklər aparmaq lazımdır. Dəyişikliklərin effektivliyinə zəmanəti bu sahədəki təcrübənin öyrənilməsi verə bilər.