Ümummilli Lider Azərbaycan dilinin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub
İmişli, 26 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Yazıçılar Birliyinin və “Respublika” qəzetinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar dinlənilib.
Konfransda çıxış edənlər milli mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərin dilimizin qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğu vurğulanıb. Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev ana dilimizə daim böyük əhəmiyyət verib. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildiyi vurğulanıb. Tədbirdə iştirak edən gənclərə ana dilinin təbliğ edilməsi və qorunması üçün maarifləndirici tövsiyələr verilib.