Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən tərəqqiyə çatdıran dahidir
Bakı, 8 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyev müasir demokratik Azərbaycan dövlətini yaratdı, Prezident İlham Əliyev onu dünyanın nüfuzlu ölkəsinə çevirdi.
Bu fikir mayın 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən yığıncağında səslənmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin agentliyin foyesindəki abidəsi önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə AZƏRTAC tərəfindən hazırlanmış film nümayiş etdirilmişdir.
Baş direktor Aslan Aslanov çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyev müasir demokratik Azərbaycan dövlətini yaratdı, Prezident İlham Əliyev onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir. Çünki Heydər Əliyev Azərbaycanın müasir tarixində dönüş yaradaraq ölkəni tənəzzüldən tərəqqiyə çatdıran dahidir. Ulu Öndər milli dövlətçilik tarixinə bənzəri olmayan idarəçilik modeli gətirmişdir.
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan ümumxalq məhəbbəti qazanmış Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın nüfuzlu, sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycan artıq beynəlxalq aləmdə söz, nüfuz sahibidir. Hazırda dünyanın əksər ölkələrini inkişafın Azərbaycan modeli çox maraqlandırır. Onlar bu modeli diqqətlə öyrənmək və tətbiq etmək istəyirlər.
Azərbaycanın son illərdəki nailiyyətlərindən söz açan baş direktor ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu beynəlxalq quruma sədrlik etməsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin göstəricisi olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu günlərdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərarın qəbulu və tezliklə ölkəmizin bu qurumda sədrlik fəaliyyətinə başlayacağı da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. YAP ərazi ilk təşkilatının sədri çıxışının sonunda ümummilli lider Heydər Əliyevi xarici ölkələrə səfərlərində jurnalist kimi müşayiəti ilə bağlı xatirələrini bölüşmüşdür.
Yığıncaqda çıxış edən Bətul Eyvazlı, Dağbəyi İsmayılov, Xatirə Cəfərova, Əhməd Məmmədov, Yaşar Quluzadə və başqaları ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, hakimiyyətdə olduğu illərdə doğma vətənimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən danışmışlar. Vurğulanmışdır ki, zaman bizi Heydər Əliyev epoxasından uzaqlaşdırdıqca dahi rəhbərin böyüklüyü, liderlik xarizmasının əzəməti, onun dövlət quruculuğu fəlsəfəsinin mahiyyəti daha dərindən dərk edilir. Qeyd olunmuşdur ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini yaratmış, onun strateji inkişaf trendlərini müəyyənləşdirmişdir.
Tədbirdə AZƏRTAC-ın Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim edilmişdir.
Sonda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə agentlikdə keçirilmiş analitik yazı müsabiqəsinin və stolüstü oyunlar turnirlərinin qalibləri mükafatlandırılmışdır.