Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi azərbaycanlıların və gürcülərin qəlbində daim yaşayacaq
Tbilisi, 11 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bolnisi Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə rayonda yaşayan Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Bolnisi rayonunda nəşr olunan və Gürcüstanda yaşayan azərbaycanlılar arasında yayılan “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu “Heydər Əliyev və Gürcüstan” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin Azərbaycan və gürcü xalqlarının rifah halının yaxşılaşması, dünya birliyinə inteqrasiyası sahəsindəki xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyevin uzaqgörənliyi, dərin zəkası, siyasi bacarığı və istedadı nəticəsində reallaşan və bu gün həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz ixrac kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri hər iki xalqın xoşbəxt gələcəyinə xidmət edir.
Digər çıxış edənlər Ulu Öndərin Gürcüstan ilə dostluq, əməkdaşlıq və təhlükəsizlik müqavilələrinin imzalanmasında siyasi lider kimi fəaliyyətindən, görüşlərindən, xalqlarımızın qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşaması üçün həyata keçirdiyi əhəmiyyətli işlərdən danışıblar.
Qeyd olunub ki, dahi və görkəmli şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi azərbaycanlıların və gürcülərin qəlbində daim yaşayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi