ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN PREZİDENT SEÇİLMƏSİNDƏN 15 İL KEÇİR
15 il əvvəl - 1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev seçicilərin 98,8 faiz səsini toplayaraq prezident seçilmişdi.
...Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Görkəmli dövlət xadiminin gərgin səyləri sayəsində bir tərəfdən, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təsirli tədbirlər görülmüş, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycanın daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsinə başlanması Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişafının təməlində dayanan neft strategiyasının gələcək təntənəsinin müjdəsi oldu.
Heydər Əliyevin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi ölkədə hərc-mərcliyə, siyasi böhrana, dövlət çevrilişi cəhdlərinə son qoymağa, ictimai-siyasi sabitliyi bərqərar etməyə imkan yaratdı. Bütün bunlar, habelə iqtisadi tənəzzülün qarşısının alınması və bu sahədə tədricən inkişafa nail olunması Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi üçün həyati əhəmiyyətə malik idi.
Heydər Əliyevin daxili siyasəti hüquqi dövlət quruculuğuna, Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarının təmin edilməsinə, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi bu siyasətin prioritetləri idi.
Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Ümummilli lider dünya azərbaycanlılarının təşkilatlanmasına və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsinə xüsusi əhəmiyyət verirdi və bu istiqamətdə çox mühüm işlər görmüşdür.
Heydər Əliyev başlıca qayəsini müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın - azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi planlar artıq bugünkü Azərbaycanın reallığına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Azərbaycanın tarixinin bütöv bir qərinəsi onun adı ilə bağlıdır. Bununla belə, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi Heydər Əliyevin xidmətləri əvəzsizdir və qədirbilən xalqımız, gələcək nəsillər bunu heç vaxt unutmayacaqdır.
Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycanın dünya birliyində artan nüfuzu, sürətli iqtisadi inkişafı məhz bunun bəhrəsidir.