ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ VOLEYBOL TURNİRİ BAŞA ÇATMIŞDIR

AZƏRTAC xəbər verir ki, avqustun 25-də Bakıda ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş qadın voleybol komandaları arasında Beynəlxalq voleybol turniri başa çatmışdır.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən son qarşılaşmada Azərbaycan voleybolçuları Türkiyə milli komandası ilə qarşılaşmışlar. Türkiyə idmançıları 3:1 hesabı ilə qələbə qazanmışlar.

Bu turda İsrail yığması Yunanıstan voleybolçularını 3:0 hesabı ilə məğlub etmişdir. Ukrayna-Bolqarıstan qarşılaşması isə 3:2 hesabı ilə başa çatmışdır.
Ulu öndərin xatirəsinə həsr olunmuş ilk Beynəlxalq voleybol turnirinin qalib komandaları mükafatlandırılmışlar.
Beş gün davam edən yarışda Türkiyənin qadınlardan ibarət yığma voleybol komandası böyük xal üstünlüyü ilə bütün rəqiblərini arxada qoyaraq turnirin qalibi adını qazanmışdır.
Turnirdə Ukrayna millisi ikinci, Bolqarıstan üçüncü və Azərbaycan komandası isə dördüncü yerə sahib olmuşlar.
Qalib komandalara mükafatları Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer, Konfederasiyanın vitse-prezidenti xanım Rit Ums, Konfederasiyanın hakimlər kollegiyasının sədri Yan Rek, Türkiyənin ölkəmizdəkil səfiri Hüseyn Avni Qarslıoğlu, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayı İsmayılov və ölkəmizin veteran voleybolçusu, SSRİ yığmasının heyətində iki dəfə Olimpiya və dünya çempionu, dörd dəfə Avropa çempionu olmuş İnna Rıskal təqdim etmişlər.
Beynəlxalq turnirdə Türkiyə və Azərbaycan voleybolçularına “Nar Mobile”nin hədiyyələrini “Azerfon” şirkətinin baş direktoru Con Armli vermişdir.
Turnirdə ayrı-ayrı voleybolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edilmişdir.